Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Buxaridə qeyd edilən bir rəvayətə görə, müsəlmanlardan bir qrup əlində qənimət malı olan bir adamla rastlaşdılar. Həmin adam onlara: “Əssələmu aleykum” – dedi. Ancaq onun müsəlman olduğuna inanmayıb onu öldürdülər və əlindəki qəniməti qəsb etdilər. Bu hadisə nəticəsində yuxarıdakı ayə nazil oldu. Yəni, “mən müsəlmanam”, - deyən bir kimsəni yaxşıca araşdırmadan kafirliklə ittiham etmək olmaz.)
ən-Nisa (Mədinə Surəsi) 94-ci Ayə