[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər, əhdləri yerinə yetirin! Siz ehramda ikən ov etməyi halal saymamaq şərtilə (aşağıda) sizə oxunacaq olanlar istisna olmaqla (digər) heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və fal oxları ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün kafirlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Allahın sizə öyrətdikləri sayəsində əhliləşdirib ov etməyi öyrətdiyiniz yırtıcı heyvanların sizin üçün tutduqlarından da yeyin və üzərinə Allahın adını (Bismillah) deyin! Allahdan qorxun! Şübhəsiz ki, Allahın haqq-hesabı sürətlidir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun və başınıza məsh çəkib ayaqlarınızı topuqlarla birlikdə yuyun. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin (bütün bədəninizi yuyaraq qüsl edin). Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz. (Namaz ibadəti bir növ Allahın hüzuruna çıxmaq sayıldığı üçün bir müsəlman bu məqama, maddi və mənəvi kirlərdən təmizlənmiş bir halda çıxmalıdır. Bunun üçün də ilk növbədə qüsl və dəstəmazlı olmalıdır. Yuxarıdakı ayədə dəstəmaz, qüsl və su tapılmadığı hallarda bu ikisinin əvəzinə alınan təyəmmüm izah edilmişdir. Bu ayədə “ayaqlarınızı topuqlarla birlikdə yuyun” kimi tərcümə olunan hissədəki “ərculəkum” sözü bəzi qiraət alimlərinə görə “ərculikum” olaraq oxunmuşdur. Buna görə də bəzi alimlər bu qiraəti əsas alaraq “ərculikum” ifadəsinə “ayaqlarınıza topuqlara qədər məsh çəkin” kimi məna vermişlər. Bu səbəbdən bəzi məzhəblərə görə dəstəmaz alarkən ayaqlara su ilə məsh çəkmək kifayətdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir. (Yuxarıdakı ayədə bəhs olunan əhd həm “Qalü-bəla” günündə bütün ruhların Allaha verdiyi söz, həm də Əqəbə və Hüdeybiyyədə müsəlmanların Allaha və Rəsuluna verdikləri söz kimi təfsir edilmişdir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Kafir olub ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey iman gətirənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”. (Allah-Təala İsrail oğullarını Fironun zülmündən xilas etdikdən sonra Musa peyğəmbər vasitəsilə onları Qüdsə yönləndirmiş və oranı, onlar üçün vətən olaraq təyin etmişdi. Allah onlara, orada hökmdarlıq edən Kənanilərə qarşı mübarizə aparmalarını əmr etmiş, onlardan buna dair söz almış və hər qəbilədən bir kişi olmaqla on iki nəfəri də buna vəkil təyin etmişdi. Yəhudilər Qüdsə yaxınlaşdıqları zaman Musa peyğəmbər bu on iki nəfəri kəşfiyyat məqsədilə şəhərə göndərmiş və onlara, orada gördüklərindən xalqa bəhs etməmələrini əmr etmişdi. Kəşfiyyatçılar geri qayıtdıqları zaman ikisindən başqa digərləri gördüklərini yəhudilərə danışaraq Qüdsdəkilərin güclü və müharibəyə hazır vəziyyətdə olduqlarını söylədilər və onları qorxuya saldılar. Beləliklə də, onlar verdikləri sözü tutmayaraq əhdlərini pozdular.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlblərini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər (Tövratın əslini pozurlar). Özlərinə öyrədilənlərin (Tövratın) bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər. (Vaxtilə Tövrat kitabı yalnız bir nüsxədən ibarət idi. Heç kim onun hamısını əzbərdən bilmirdi. Babillilər İsrail oğullarını əsir götürdükləri zaman Tövratın bu nüsxəsi də itmişdi. İllər sonra İsrail oğulları əsirlikdən xilas olduqlarında Tövratın yadda qalan bəzi bölmələrini yenidən yazdılar. Bu gün əllərində olan Tövrat kitabında da həmin bölmələrin bir qismi və Musa peyğəmbərin həyatından bəhs edən bölmələr yer alır.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir. (İlk xristianlar da yəhudilərin işgəncə və hücumları qarşısında pərən-pərən düşmüş və İsa peyğəmbərə vəhy olunan İncili qoruya bilməmişdilər. Miladi təqvimlə üçüncü əsrin əvvəllərində Roma imperatorluğunun xristianlığa meyil etməsindən sonra rahatlığa çıxan xristianlar İncili yenidən yazmağa başlamışlar. Bunun nəticəsində də fərqli şəxslərin yazdığı və bir-birinə uyğun gəlməyən fərqli İncillər meydana çıxmışdır. İsa peyğəmbərin göstərdiyi yoldan çıxan və Allaha verdikləri sözü tutmayan xristianlar da öz aralarında ixtilafa düşdülər və əsrlər boyu bu ixtilafları davam etməkdədir.)[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey kitab əhli! Sizə Kitabda gizlətdiklərinizin bir çoxunu bildirmək və bir çoxunu da bağışlamaq üzrə elçimiz gəlmişdir. Həqiqətən, Allahdan sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəlmişdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Allah, Öz rizasına uyanları onunla (Quranla) əmin-amanlıq yollarına yönəldər və Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər həqiqətən, kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Allaha qarşı bir şey edə bilər?! Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. O, dilədiyini yaradar. Allah hər şeyə qadirdir”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Yəhudilər və xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”, - dedilər. De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Ey kitab əhli! (Axirətdə): “Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, - deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə, (həqiqətləri) sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]
[Azərbaycan tərcüməsi]
Bir zamanlar Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi.[Ərəb dilində]
[Ərəbcə Oxunuş]