Kateqoriya İslam Şəkillər Forum
Təkaful Haqqında - Dini Məlumatlar
 Dini 2022 Təkaful haqqında

Bu məqalə ənənəvi sığorta əməliyyatlarına alternativ olaraq tətbiq olunan, İslam Şəriətinə uyğun qaydada həyata keçirilən TƏKAFUL (ərəbcə: التكافل) sığortasının mahiyyəti haqqındadır.

Dünyanın sığorta sektorlarındakı inkişaf tendensiyalarını araşdırarkən, sığorta nəzarəti və biznesi ilə bağlı qəbul edilmiş yeni beynəlxalq prinsip və standartlarla tanış olarkən, ayrı-ayrı beynəlxalq konfrans və forumlarda iştirak edərkən çox tez-tez rastlaşdığımız mövzulardan biri də İslam sığortası və ya təkaful anlayışları ilə bağlıdır. Bu anlayışlar əksər hallarda sinonim kimi işlənsə də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam sığorta modellərinin Şəriət alimləri tərəfindən daha geniş şəkildə qəbul edilmiş bir qrupunu əhatə etməsindədir. Təkaful əməliyyatlarının həcminin dünya maliyyə sistemində analoqu olmayan sürətlə inkişafı, habelə maliyyə böhranlarının bu sistemdən demək olar ki, təsirsiz ötüşməsi (təkcə bir faktı demək kifayətdir ki, 2007-2010-cu illər arasında təkaful əməliyyatlarının həcmindəki artım illik 28 % təşkil etmişdir ) istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı transmilli korporasiyaların son vaxtlar təkafulla bağlı nəzəri və təcrübi tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olmuşdur.

“Təkaful” ərəb mənşəli olub, "كفل" (“kəfələ”) sözündən götürülmüşdür, təmin etmək, bir kəsə kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı üçün formalaşdırılan münasibətlər sistemidir. Dünyanın ən yeni, lakin ən dinamik sığorta institutu olan təkafulun tarixi dolayısı ilə 14 əsr əvvələ - ərəb tayfaları arasında geniş yayılmış və İslam Şəriətində də qəbul edilmiş “əl-əqilə” doktrinasına qədər gedib çıxır. Bu prinsip sonralar həyatın bir çox sahələrində, xüsusən də dəniz tacirlərinin zərərlərinin qrup üzvlərinin birgə vəsaitləri hesabına formalaşdırılan fonddan ödənilməsi sistemində geniş tətbiq edildi. Lakin peşəkar fəaliyyət olaraq, ilk təkaful şirkəti 1979-cu ildə Sudanda təsis edilmişdir. 2012-ci ildə isə dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətlərinin “təkaful pəncərəsi” mövcud olmuşdur.

İlk olaraq, təkaful haqqında qısaca onu demək olar ki, bu, bir kəsin qarşılıqlı köməkləşmə və könüllü yardım prinsipləri əsasında, başqa iştirakçıların məruz qala biləcəyi zərərli hadisələrdə maliyyə yardımı göstərmək niyyəti ilə ümumi fonda (iştirakçılar fondu və ya təkaful fondu) hər hansı pul məbləğini ödəməklə, eyni zamanda özü də zərərə məruz qalacağı halda bu fonddan yararlanmaq imkanı verən mexanizmdir.

Təkaful daha geniş mənada nədir, ümumiyyətlə İslamın sığortaya münasibəti necədir, Şəriətlə qəbul edilməyən sığorta əməliyyatları hansılardır və s. bu kimi suallarla bağlı konkret məsələlərə keçməzdən əvvəl, bu sitiqamətdə aparılan araşdırmaların qısa nəticəsi ilə tanış olmaq daha məqsədəuyğundur:

Müsəlmanların etiqadına görə ehkamları ilk insan olan Adəmdən (ə.s.) başlamış, Nuh (ə.s.), İbrahim (ə.s.), Musa (ə.s.), İsa (ə.s.) və s. peyğəmbərlər vasitəsilə insanlara çatdırılması davam etdirilmiş, sonuncu peyğəmbər Muhəmmədin (s.ə.s.) vaxtında isə kamil olmuş İslam dini sosial, iqtisadi və siyasi məsələlər də daxil olmaqla, həyatın hər bir cəhətini ehtiva edən dəyərləri və prinsipləri özündə birləşdirir. İslam hüququnun məcmusu olan Şəriətə görə insanlar arasındakı bütün münasibətlərdə ədalətli rəftar mövcud olmalıdır. Bu səbəbdən istismarın – bu və ya digər yolla kiminsə haqqı çatmadığı bir şeyi əldə etməsi hallarının aradan qaldırılması üçün ədalətsiz varlanmanın bütün yolları, həmçinin zəruri olmayan risk və ya möhtəkirlik (böyük qazanc vəd edən, lakin həddən artıq riskli olan sərmayə qoyuluşu) əlamətləri daşıyan əməliyyatlar qadağan edilir. İslam iqtisadiyyatının əsaslarını formalaşdıran bir sıra əsas prinsiplər onu ənənəvi iqtisadi münasibətlərdən fərqləndirir.

Məlum olduğu kimi, İslam iqtisadiyyatının prinsipləri Quran və Sünnəyə (sonuncu İslam peyğəmbəri Muhəmmədin (s.ə.s.) sözləri, əməlləri və görüb inkar emədiklərindən ibarət, onun həyat tərzinin etibarlı dəlillərlə rəvayət olunduğu səhih hədislərə əsaslanan İslam hüququnun iki əsas mənbəyindən biri) əsaslanan nəzəriyyə üzərində qurulmuşdur. Bu nəzəriyyənin başlıca ideyası ondan ibarətdir ki, bütün əməllər, o cümlədən iqtisadi və ticari sövdələşmələr və əməliyyatlar Allahın insanlara qadağan etdikləri ilə - haramlarla bağlı olmamalıdır. İslama görə qazanılan bütün gəlirlər və əldə olunan mənfəətlər yalnız qanuni, dini terminlə ifadə etsək, halal olmalıdır. Quranda bu barədə deyilir: “Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun”. (Quran, əl-Maidə surəsi, 88-ci ayə). Nəyin halal və ya haram olmasını isə insanlar özləri deyil, Allah müəyyən edib ki, bu da insanlara nazil olan sonuncu müqəddəs kitabda və göndərilən sonuncu Peyğəmbərin (s.ə.s.) sünnəsində (davranışları və sözlərində) əks olunub. (İslam əqidəsinə görə Muhəmməd peyğəmbərin (s.ə.s.) dedikləri, etdikləri, təsdiq etdikləri və ya görüb inkar etmədiklərini bilmək də Allahın insanlar üçün müəyyən etdiyi əmr və qadağalara riayət etmək baxımından vacib şərtdir. Çünki, İslamda olan əmr, icazə və qadağaların heç də hamısı Quranda əhatə olunmur. İslam əqidəsinə görə peyğəmbərlərin dedikləri də Allahın əmrləridir. "O, havadan (kefi istəyəni) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir." (Quran, ən-Nəcm surəsi 3, 4-cü ayələr); "Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Quran, əl-Həşr surəsi 7-ci ayə); “Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Quran, əl-Əhzab surəsi 21-ci ayə))

Bəzi müsəlmanlar hesab edirlər ki, sığorta mexanizminə cəmiyyətdə ehtiyac yoxdur, çünki, onsuz da hər kəs başqasının maddi və mənəvi problemlərinin aradan qaldırılmasına yardım etmək öhdəliyi daşıyır. Əslində əgər cəmiyyət üzvü olan insanlar və ya xalqlar bu məqsədlə xüsusi mexanizm vasitəsilə müəyyən vəsaiti bir yerə toplayır və ehtiyacı yarananların, zərər çəkənlərin, itkilərə məruz qalanların ehtiyaclarının ödənilməsinə sərf edirlərsə, bu, sərvətin və resursların İslamda əmr olunan bölüşdürülməsinin bir üsuludur.

Bir çoxları ümumiyyətlə sığorta əməliyyatlarının, xüsusən də həyat sığortasının İslama zidd olması barədə fikirlər yürütmüşlər. Belə mövqeyin əsasında sığortanın müsəlmana xas olan Allaha təvəkkül, yəni hər bir işdə, o cümlədən hər hansı bir təhlükəyə və ya riskə qarşı dayanmaqda Allaha arxalanmaq sifətinə uyğun olmaması ideyası dayanır. Lakin müsəlman alimlərinin rəyinə, həmçinin bu rəylərin formalaşmasında əsas olan bizim də aşağıda gətirəcəyimiz dəlillərə görə sığortanı məhz bu cəhətdən İslam prinsiplərinə uyğun olmayan fəaliyyət hesab etmək düzgün deyil. Əslində İslam məntiqi ilə yanaşsaq, gündə beş vaxt namaz qılmaq, zəkat və sədəqə vermək və s. axirətdəki həyatın sığortasıdır.

Müasir sığortanın başlıca mahiyyətinə daxil olan risk idarəetməsinin əsas konsepsiyası İslam əqidəsində hələ 14 əsr əvvəl Quran ayələri ilə ifadə olunmuşdur. Quranın Yusif surəsinin 43-49-cu, həmçinin 67-ci ayələrində gözlənilən təhlükələrin qabaqcadan qarşısının alınması üçün tədbir görməyin əhəmiyyəti aydın şəkildə sezilir. Belə ki, Yusif peyğəmbərin əhvalatından bəhs edən adı çəkilən surənin 47-ci ayəsində Misir hökmdarının gördüyü yuxunu yozarkən Peyğəmbər deyir: “Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi sümbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq olacaq...” Allaha təvəkkül etmənin necə olması barədə isə həmin surənin 67-ci ayəsi daha əhəmiyyətli və haqqında bəhs edilən məsələ ilə bağlı fikirlərə son qoymaq nöqteyi nəzərindən daha tutarlıdır. Sözügedən ayədə Yəqub peyğəmbər oğullarını səfərə yola salarkən onların hansısa təhlükədən yayınmaları üçün “eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ona təvəkkül etsinlər.” Qeyd olunan ayələrdən göründüyü kimi, hər hansı bir ehtimal olunan təhlükənin, riskin nəticələrinin qarşısını almaq və ya belə riskin özünü dəf etmək üçün tədbir görülməsi İslamda nəinki qadağan edilmir, əksinə tövsiyə olunur, bir şərtlə ki, gördüyün tədbirin nəticəsi ilə bağlı Allaha təvəkkül edəsən, yəni risk idarəetməsinin uğurlu və ya uğursuz alınmasının Allahın iradəsindən asılı olduğunu dərk edərək, əldə etmək istədiyin nəticədə Ona arxalanasan. Bu məsələ ilə bağlı İslam şəriətinin əsas mənbələrindən olan Sünnədən də bir çox misal gətirmək olar. İbn Ömərdən (A.r.o.) nəql olunan hədisə görə Muhəmməd peyğəmbər (s.ə.s.) düşmən və quldurların tamahkarlığından müdafiə olunmaq, xəstələndikdə isə qulluğunda dayanan kimsənin olması üçün evdə tək gecələməyi, həmçinin tək səfərə çıxmağı qadağan etmişdi. Həmçinin başqa bir hədisdə deyilir: “Kim örtüsüz damlarda gecələyərsə, zimməlik hüququndan (müsəlman ölkəsində təhlükəsiz yaşamaq hüququ) məhrum olar” Buna oxşar digər səhih hədis Əli ibn əbu-Talibdən (A.r.o.) rəvayət olunur: “Hər kəs örtülü olmayan dam üstündə yatsa, ona görə heç kəs sorğu-sual olunmaz”[9] Bu hədisin başqa bir səhabədən (Muhəmməd peyğəmbəri (s.ə.s.) görmüş və onun peyğəmbərliyinə iman gətirmiş şəxsdən) edilən rəvayətində “və kim fırtınalı dənizə çıxıb orada ölsə, ona görə də heç kəs cavabdeh olmaz”[10] kimi davamı qeyd olunur. Amr İbn Umeyyədən rəvayət olunan hədisdə isə göstərilir ki, bir kişi Peyğəmbərin (s.ə.s.) yanına gəlib dedi ki, mən Allah təaləyə təvəkkül edərək dəvəmi açıq buraxdım, lakin o itdi. Peyğəmbər (s.ə.s.) buyurdu ki, dəvəni bağla, sonra təvəkkül et.[11] Qeyd olunan hədislərdən görünür ki, İslama görə Allah bütün məxluqatın qədərini müəyyən etməklə, onların hər bir vəziyyətini, hətta hislərini və hərəkətlərini idarə etməklə yanaşı, bir qisminə, o cümlədən insana ağıl verərək onun üçün öz davranışlarına sahib olmasında muxtar iradə imkanı da müəyyən etmişdir. Belə olan halda insan yaşamaq üçün ona verilmiş bütün halal imkanlardan və səbəblərdən istifadə etməklə baş verənlərin əsas səbəbi olan Allaha təvəkkül etməlidir. Gözlənilən təhlükə və zərərlərə qarşı əvvəlcədən müvafiq tədbirlər görməklə qorunmaq heç də İslam dininə zidd deyil, əksinə təkidlə tövsiyə olunan əməldir. Bu baxımdan, sığorta əməliyyatları ilə ehtiva olunan, baş vermə ehtimalı olan riskli hadisələr səbəbindən maddi zərərlərin qarşılığını almaq üçün əvvəlcədən tədarük görmək də Allaha təvəkkül prinsipinə zidd deyil. Nəticə olaraq, görünür ki, İslam risk idarəetməsinin əleyhinə deyil.[12] Lakin, ənənəvi sığorta əməliyyatları İslamda ciddi şəkildə qadağan olunan qeyri-müəyyənlik, qumar, sələm və başqasına münasibətdə ədalətsiz olma ünsürlərini ehtiva edir ki, bu da müsəlmanların sığorta əqdlərinə fərqli yanaşmasının başlıca səbəbidir.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının tədqiqat məruzəsində qeyd edilir ki, “İslam sığorta konsepsiyasının özünün əleyhinə deyil, sadəcə ənənəvi sığortada istifadə edilən bəzi üsul və metodları qadağan edir. Əslində çoxlarının hesabına bir qismin risklərinin azaldılması İslamda, xüsusən də “əl-əqilə” doktrinasında geniş istifadə edilmişdir.” (2006-cı ilin avqust unda Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası tərəfindən qəbul edilmiş “Təkafulun (İslam sığortasının) tənzimlənməsi və ona nəzarət məsələləri” üzrə qəbul edilmişdir)

Sığorta bəşər cəmiyyətinin, o cümlədən müsəlman ölkələrinin sosial və iqtisadi həyatında həlledici rol oynayır. Qeyd olunduğu kimi, sığorta mahiyyət etibarilə nəinki İslama ziddir, əksinə, bu dinin tələblərindən irəli gələn bir sıra prinsiplərin tətbiqi üçün ən səmərəli və məqsədəuyğun vasitədir. Buna görə də əsrlər boyu müsəlman cəmiyyətlərində sığortanın Şəriətə uyğun müxtəlif modelləri qəbul edilmişdir. Yuxarıda haqqında bəhs edilən əl-əqilə doktrinası, xəlifə Ömərin vaxtından bu doktrinanın daha geniş tətbiq edilərək tayfa üzvlərindən kiminsə ehtiyatsızlıqdan adam öldürməsinə görə qan bahasının ödənilməsi üçün həmin tayfa üzvlərinin qarşılıqlı əməkdaşlıq əsasında yardımlar ödəməsinin mərkəzləşdirilmiş qaydada təşkili, muvələt əqdləri və s. buna misal kimi göstərilə bilər. (İslam şəriətində qəbul edilmiş bu əqd miras qoymağa qohumu və yaxını olmayan kəs yad bir şəxslə bağladığı razılaşmaya deyilir. Muvələt əqdinə əsasən, həmin yad şəxs ehtiyac yarandıqda kimsəsizin borcunu ödəyir, bunun əvəzində isə ona varis təyin olunur. Bəziləri muvələt əqdlərində də qeyri-müəyyənlik olmasına baxmayaraq Şəriətdə qəbul edilməsini misal gətirməklə kommersiya sığortasındakı qarar ünsürləri ilə eyniləşdirib, bu sığortanın da İslama uyğun olduğunu iddia edirlər. Lakin, fərq ondadır ki, muvələt əqdlərindəki qeyri-müəyyənlik, kommersiya sığortasındakı sövdələşmənin predmeti olan riskin ötürülməsi müqabilində təminatın alqı-satqısını ehtiva etmədiyi üçün “qarar”ı qadağan edən hədislərin əhatə dairəsinə düşmür.)

Kommersiya sığortasının Şəriət normaları ilə uyğun gəlməməsi barədə məşhur İslam fiqh şuraları, habelə mötəbər Şəriət alimləri oxşar məzmunlu bir sıra fətvalar vermişlər:

Göründüyü kimi, müasir fiqh alimləri İslam şəriətinə uyğunluq baxımından kommersiya sığortası ilə əməkdaşlıq sığortasını (sığorta terminologiyasında daha çox “qarşılıqlı sığorta” kimi ifadə olunur) bir-birindən fərqləndirirlər. Sığorta terminologiyasında kommersiya sığortası dedikdə, gəlir əldə etmək məqsədilə özəl müəssisə kimi təsis edilmiş, müəyyən haqq müqabilində risklərin qəbul edilməsi üzrə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti, əməkdaşlıq və ya qarşılıqlı sığorta dedikdə isə, iştirakçıların (sığortalıların) risklərinin bölüşdürülməsi məqsədilə təsis edilmiş və onlara məxsus sığorta fondunun idarə edilməsi ilə məşğul olan təşkilatların fəaliyyəti başa düşülür.

Kommersiya sığortasında risk idarəetməsi riskin ötürülməsi prinsipinə əsaslanır ki, bu da Şəriət dəlilləri ilə bu növ sığortanı halal hesab etməməyin ən başlıca səbəbidir. Maliyyə əməliyyatlarında risk dedikdə, gələcəkdə baş verməsi ehtimal edilən və maddi zərərlə nəticələnən hər hansı hal və ya hadisə başa düşülür. Sığorta əqdlərində də risk bu cür tövsif olunur. Yəni, öz maraqlarını sığorta etdirən şəxs sığorta müqaviləsi bağlayarkən baş verməsi ehtimal olunan hadisə nəticəsində ona dəyə biləcək maddi zərərlə bağlı riski aradan qaldırmaq və ya azaltmaq niyyəti güdür. Kommersiya sığortasında bu risk ötürmə prinsipi ilə həyata keçirilir. Belə ki, şəxs müəyyən sığorta haqqı ödəməklə maddi zərərə məruz qalma riskini sığorta şirkətinə ötürür, hadisənin gerçəkləşəcəyi halda isə dəyən zərərin əvəzi ötürdüyü risk həcmində həmin şirkət tərəfindən qarşılanır. Başqa sözlə desək, sığortalı qaytarılmasına hər hansı zəmanət almadan müəyyən məbləğ ödəməklə “can rahatlığı”nı satın alır.[14] Bu cür razılaşmaya əsaslanan əqdin İslamda qadağan edilməsi ilk növbədə Muhəmməd peyğəmbərin (s.ə.s.) Əbu Hureyrədən rəvayət olunan, “qarar” əqdlərini qadağan etməsi ilə bağlı səhih hədisindən[15] irəli gəlir. Ərəb dilindən tərcümədə “qarar” dedikdə gələcəkdə baş verməsi qeyri-müəyyən olan hal başa düşülür. Bu hal baş verə də bilər, baş verməyə də. Buna əlavə olaraq, digər hədislərdə dənizlərdəki balığı, yetişməmiş meyvəni alıb-satmağın qadağan edilməsini misal gətirmək olar. Göründüyü kimi, İslam şəriəti qeyri-müəyyənlik üzərində ticarət əlaqələrinin aparılmasını, hansısa qeyri-müəyyən əşyanın, mövcudluğu ehtimal olunan halın, təminatın, riskin və s. alınıb-satılmasını qadağan edir.

“Meysir”, yəni qumarın hər hansı bir forması Quranın əl-Maidə surəsinin 90-cı ayəsində qadağan edilir: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.” (Ayədə “qumar” ərəb dilində “meysir” kimi ifadə olunmuşdur). İslam şəriətində “qumar” dedikdə şəxsin pul və ya digər qiymətli bir şeyi ödəməsi və risk götürməsi – ya ödədiyindən artıq qazanması, ya da ödədiyini tamamilə itirməsi ehtimalı olan əqd başa düşülür.[16] Digər bir mənbədə “şəxsin iştirak haqqı” və ya “biletin qiyməti” və s. adlandırılmasından asılı olmayaraq müəyyən məbləğdə pul ödəyərək həmin pulu itirmək riski ilə hər hansı bir yarışmaya daxil olması qumar hesab edilir.[17]
Kommersiya sığortasında sığorta müqaviləsinin şərtləri maddi baxımdan hər bir halda bir tərəfin qazanması, digər tərəfin isə uduzması üzərində müəyyən olunur ki, bu da şəriət alimləri tərəfindən qumar oyunlarının əlaməti kimi tövsif edilmişdir. Belə ki, kommersiya sığortası müqavilələrində sığortalılar ya sığorta hadisəsinə məruz qaldıqları halda ödədikləri sığorta haqqından daha artıq sığorta ödənişi alır, ya da onunla bağlı sığorta hadisəsinin baş vermədiyi halda ödədiyi sığorta haqqından tamamilə məhrum olur. Sığorta hadisəsi olmayan sığortalılar sığorta şirkətində toplanan vəsaitdəki qalan hissədən faydalanmırlar, yəni həmin hissə bütövlükdə sığorta şirkətinin vəsaitinə çevrilir. Qeyd olunan hallar İslam əqidəsində məcburi dəyərlər olan ədalət, bərabərlik, etik və mənəvi prinsiplərin əleyhinə olduğu üçün, Şəriəti tərəfindən qəbul edilməmişdir. Nəzəri baxımdan ənənəvi sığortada risklərin və ya gələcək üçün verilən təminatın alqı-satqısına əsaslanan müqavilələr üzrə də qumar ünsürlərinin istisna edildiyi göstərilsə də, təcrübədə bu çox az hallarda rast gəlinir. Əslində harada qeyri-müəyyənlik varsa, bu halda bağlanan və hər iki tərəfin maddi öhdəliyini müəyyən edən istənilən əqddə qumar əlamətləri təbii olaraq üzə çıxır.

“Riba” (ərəbcədən tərcümədə lüğəti mənası “artma, genişlənmə”), yəni sələmçilik İslam dinində aşkar və ciddi şəkildə qadağan olunan böyük günahlardan sayılır. Quranın əl-Bəqərə surəsinin 278-279-cu ayələri – "Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibayə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!" – sələmin qadağan edilməsi ilə bağlı əsas ayələrdir. Digər bir ayədə isə "Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar..." deyə buyurulmuşdur. (əl-Bəqərə, 276)
Əbu Hureyrə Muhəmməd peyğəmbərin (s.ə.s.) belə dediyini rəvayət edir: "Yeddi böyük günahdan çəkinin! Səhabələr soruşdular: Ey Allahın Elçisi! Onlar hansılardır? Peyğəmbər buyurdu: "Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu insanı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını mənimsəmək, qızğın döyüş meydanından qaçmaq, namuslu, iffətli və zinadan bixəbər mömin qadınlara böhtan atmaq" .Başqa bir səhih hədisdə səhabə Cabir deyir ki, Peyğəmbər (s.ə.s) sələm yeyənin (alanın), onu yedizdirənin (verənin), yazanın və ona şahidlik edənlərin hamısının bu günahda eyni olduğunu bildirmişdir .
İslam hüququnda 2 növ riba fərqləndirilir:

Kommersiya sığortasında riba ünsürü əsasən iki istiqamətdə ortaya çıxır:

Şəriətin yuxarıda qeyd olunan tələblərinə görə müsəlmanlar iqtisadi münasibətlərin digər iqtisadi sistemlərdən mənimsənilən bütün elementlərini dərhal olduğu kimi qəbul etməkdə tərəddüd edir, onları bir növ Şəriət süzgəcindən keçirib, yalnız Quran və Sünnəyə uyğun gələnlərini tətbiq etməyə, digərlərini isə şəriət prinsiplərinə uyğunlaşdırmağa, şəriət normaları ilə bir araya gəlməyən hər hansı münasibətlərdən isə kənar durmağa çalışırlar. Quran və Sünnəyə uyğunluğun əsasında isə tərəflərin maraqlarına və ehtiyaclarının ödənilməsinə ədalətsizlik olmadan və onlara hər hansı zərər vurmadan nail olmaq prinsipi dayanır. İslam bankçılığı və təkaful (bəzən “islam sığortası” adlandırılır) institutlarının misalında bunun şahidi oluruq. Müasir dövrdə İslam maliyyə sistemi müsəlman aləmində iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olmaqla yanaşı, qeyri-müsəlman ölkələrində də, xüsusən Qərbdə böyük rol oynamağa başlamışdır. Şəriət əsaslı sığorta institutunun da formalaşması və inkişafı məhz bu tendensiya ilə bağlıdır.
Sığorta əməliyyatlarında, konkret olaraq “kommersiya sığortası” kimi tanınan ənənəvi sığorta əməliyyatlarında Şəriət baxımından mövcud olan problem həmin əməliyyatların həyata keçirilmə üsullarında və sığorta əqdlərinin öz mahiyyətindədir.
Sığorta konsepsiyası Şəriətin iqtisadi məqsədlərinə – müsəlmanların ümumi rifahına təminat və zərər çəkməsinə mane olmaq ideyasına uyğunlaşdırılmaqla müasir maliyyə münasibətlərində İslam sığortaçılığının yer tapmasına şərait yaratmışdır. Təkaful – sığorta konsepsiyasına İslam şəriətinə uyğun qaydada həyata keçirilən alternativ mexanizmdir. Müsəlman ölkələrində, həmçinin müsəlmanların çox yaşadığı bir sıra digər ölkələrdə tətbiq olunan təkaful Şəriətə uyğun qaydada iştirakçıları (ənənəvi sığortada “sığortalılar”) və operatorları (ənənəvi sığortada “sığortaçılar”) cəlb etməklə qarşılıqlı risk bölüşdürülməsinin həyata keçirildiyi sistemdir. Təkaful mahiyyət etibarı ilə qarşılıqlı müdafiə əsasında risk bölüşdürülməsini ehtiva edən ənənəvi sığortanın qarşılıqlı və ya korporativ (əməkdaşlıq) sığorta əməliyyatları ilə oxşardır. Təkafulun ənənəvi sığortadan iqtisadi baxımdan fərqi risklərin qiymətləndirilməsi, həmçinin təkaful fondunun idarə edilməsindədir. Digər fərqlər isə sığortaçı və sığortalı arasındakı münasibətlərdə təzahür edir. Təkaful əməliyyatları İslamın qadağan etdiyi hər hansı əməlin ünsürünü istisna.
Təkafulun mahiyyəti həm də ondan ibarətdir ki, bu cür münasibətlərə cəlb olunan tərəflər bərabərlik əsasında bir-birinə yardım etmək məqsədilə riskli hadisələrin nəticələrinə şərik olmaqla Şəriət prinsiplərinə riayət edərək münasibət qururlar. Bu zaman Quranın “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun”(Quran, əl-Maidə surəsi, 2-ci ayə) ayəsindəki əmr və qadağa əsas götürülür. Baş verən hadisələrin zərərli nəticələrinin hər hansı bir qrup arasında bölüşdürülməsi insanların sosial rifahına əlavə təminat baxımından mühümdür.

Yuxarıda qeyd olunduğu kimi sığorta Şəriətdə tamamilə qadağan edilməmişdir.
Sığortaçıya ötürülən riskin baş verib-verməyəcəyini müəyyənləşdirməyin, habelə baş verəcəyi halda belə nə qədər zərər dəyəcəyinin əvvəlcədən təyin edilməsinin qeyri-mümkün olduğu halda aparılan kommersiya sığortasının əksinə olaraq, əməkdaşlıq sığortası qarşılıqlı sığorta, həmçinin təkaful əməliyyatlarında sığorta əqdləri riskin ötürülməsinə deyil, bölüşdürülməsinə əsaslanır, yəni sığorta haqqının ödənilməsi ilə hər hansı “qarar” əlaməti olan (qeyri-müəyyən) halın baş verməsi riski digər tərəfə ötürülmür, daha da konkretləşdirsək, qeyri-müəyyən halla bağlı alqı-satqı edilmir, əksinə, bu cür risklərin gerçəkləşəcəyi halda əvvəlcədən qarşılıqlı yardımlaşma əsasında formalaşdırılmış fondun vəsaitləri hesabına baş verən zərərin aradan qaldırılması sığorta əqdinin əsas motivi olur.
Qeyri-müəyyənliklə bağlı əqdlərin olmadığı hallarda qumar (“meysir”) əlamətləri də yoxdur. Bu səbəbdən sığorta münasibətlərinin həm zərərə, həm də gəlirə şəriklik prinsipi əsasında qurulduğu korporativ sığortada, həmçinin təkaful əməliyyatlarında qumar əlamətləri ehtiva olunmur. Qarşılıqlı sığorta və ya təkaful müqaviləsi bağlayan sığortalılar ödədikləri sığorta haqları hesabına başqa iştirakçıların da zərərlərinin ödənilməsinə razılaşırlar. Bu zaman sığorta şirkəti sığortalıların ödədikləri sığorta haqları (təkafulda bu haqlar “yardım”lar təkaful terminologiyası ilə “təbərru” adlanır) hesabına formalaşdırılmış fondun vəsaitlərini müəyyən dövr ərzində baş vermiş hadisələr nəticəsində dəyən zərərlərinin ödənilməsinə sərf edir, artıq qalan vəsait isə ödənilmiş yardımlara mütənasib olaraq sığortalılara qaytarılır və ya onların adından investisiya edilir, yaxud da növbəti sığorta müqavilələrində nəzərə alınır. Sığorta şirkəti isə yalnız peşəkar fəaliyyət sahibi kimi sığorta risklərinin bölüşdürülməsindəki idarəetməyə görə əvvəlcədən razılaşdırılmış haqq götürür. Ümumilikdə isə əməkdaşlıq sığortası, o cümlədən təkaful, sığorta haqqı ödəməklə təminat almağı şərtləndirən kommersiya sığortasından fərqli olaraq, alqı-satqı müqavilələrinin təsnifatına daxil edilmir.
Təkafulda ribanin yuxarıda qeyd olunan hər iki ünsürü istisna edilir. Təkaful şirkətləri iştirakçıların vəsaitlərinin investisiyasını Şəriətlə qanuni hesab edilən aktivlərə yönəltməklə yanaşı, gəlirə və zərərə şəriklik mexanizmi əsasında fəaliyyət göstərdiyi üçün sığortalının az məbləğ ödəyərək hadisənin baş verəcəyi halda çox kompensasiya alması əqdini onun zərərə də şərikliyi şərti ilə bağlayırlar. Yəni təkaful fondunun zərərə məruz qalan iştirakçısına ödənilən vəsait sığortaçının deyil, bütün iştirakçılara məxsus təkaful fondunun vəsaitidir və sığortaçı buna görə hər hansı əlavə risk daşımır.

Qeyd olunan qadağaların aradan qaldırılması məqsədilə aşağıdakı Şəriət əsaslı əqdlər təkaful müqavilələrində tətbiq edilir:

Təkaful müqavilələrinin ən vacib ünsürü risk daşıyan şəxsin onu bölüşdürmək üçün Təkaful sxeminə daxil olarkən ifadə etdiyi niyyətidir. Məsələn, vəkələ modeli üzrə bağlanan müqavilələrdə iştirakçı təkaful prinsiplərinə uyğun olaraq, digər iştirakçıların zərərə məruz qalacağı vaxt onlara yardım etmək məqsədilə təkaful fonduna təbərru (ianə) əsaslı yardım ödəməyi, təkaful operatorunu Şəriətə uyğun olaraq fondun vəsaitlərini idarə etmək üçün səlahiyyətləndirməyi və s. bu kimi məqamları müqavilədə bəyan edərək təsbit edir.

Təkaful mexanizminin bir neçə səciyyəvi xüsusiyyəti vardır:
– Təkaful mexanizmində sığortalılara məxsus vəsaitlərlə səhmdarlara məxsus vəsaitlər – iştirakçı fondu ilə səhmdar fondu bir-birindən aydın şəkildə ayrılır və onların idarə edilməsi ilə bağlı bütün göstəricilər ənənəvi sığortada sığortalı hesab edilən iştirakçılar üçün açıq və asan əldə edilə biləndir.
– Təkaful fondundakı vəsaitlərin investisiyası sələm ödənilməsindən əldə edilən gəlirlərdən, habelə qadağan edilmiş biznes sahələrinə (şərab və tütün istehsalı, qumar oyunlarını təşkil edən müəssisələrin nizamnamə kapitalında iştirak və s.) investisiya yönəltməkdən yayınmaqla, yalnız Şəriətə uyğun aktivlərə yönəldilə bilər;
– Müəyyən dövr ərzində əvəzi ödənilən zərərlər təkaful fondunun vəsaitlərindən az olduqda qalan məbləğ (təkaful fondunun qalıq vəsaitləri) iştirakçılar arasında bölüşdürülür.
– Təkaful operatorunun fəaliyyəti yüksək ixtisaslı Şəriət mütəxəssislərindən ibarət daxili nəzarət orqanının mövcudluğunu tələb edir.

Təkaful əməliyyatlarının təcrübədə daha çox üç əsas modelindən istifadə olunur ki, bunların əsas fərqi təkaful fondunu iştirakçıların adından idarə etməsinə görə operatorun haqqının hansı əsasda ödənilməsində təzahür edir:

Yuxarıda qeyd olunanlardan başqa, təkaful-vəqf modeli, qeyri-kommersiya təkaful modeli (bu model əsasən Sudanda tətbiq edilir) də mövcuddur.

Kommersiya sığortasından fərqli olaraq, təkaful şirkəti qeyri-sağlam anderraytinq itkiləri ilə üzləşmir. Təkaful şirkətlərinin zərərə məruz qalması yalnız təkaful fondunun düzgün idarə edilməməsi zamanı baş verir ki, bu da sırf biznes riskidir. Risk bölüşdürülməsi sxemi hər bir təkaful məhsulunun “onurğa sütunu”dur. Bu sxemə uyğun olaraq, eyni təbiətli risklərə və davranışlara məxsus iştirakçılar qruplaşdırılır. Daha sonra qrupun ehtiyaclarından irəli gələn riskin ümumi dəyəri qiymətləndirilir və iştirakçılar arasında bölüşdürülür. İştirakçıların sayı artdıqca, onların risklərinin idarə edilən səviyyəyə çatması da mümkün olur. Lakin bir çox hallarda, xüsusən də fəaliyyətə yeni başlayan və ya kiçik təkaful şirkətlərinin adekvat olmayan az sayda iştirakçılarının olması, böyük şirkətlərdə isə, əksinə, iştirakçıların həddən artıq çox sayda olması bu problemin aradan qaldırılması üçün ilk növbədə retəkaful (təkrar təkaful–ənənəvi sığortadakı təkrarsığortanın alternativi) mexanizmindən istifadə edilir. Retəkaful vasitəsilə risklər ayrı-ayrı təkaful şirkətləri arasında bölüşdürülməklə böyük iştirakçılar qrupu formalaşdırılır, risklərin idarə edilməsi xərclərinin ümumi dəyəri də proqnozlara daha uyğun olur. Belə olan halda hər bir iştirakçı tərəfindən ödənilməli olan yardımların hesablanmasında da dəqiqlik səviyyəsi artır.

Təkaful konsepsiyasının tərəfdarları onun sosial siyasətə daha yaxın olması fikrini irəli sürməklə bununla bağlı yuxarıda qeyd etdiyimiz, təkafulun üstün cəhətlərindən irəli gələn bir çox əsaslara söykənirlər. Belə ki, beynəlxalq təşkilatların sığorta sektoruna aid qəbul etdiyi sənədlərin, habelə dövlətlərin sığorta siyasətini müəyyənləşdirən qanunların əsasında duran motivasiya sığortanın sosial yönümlülüyü, o cümlədən “çoxların köməyi ilə azların itkisinin aradan qaldırılması” prinsipi dayansa da, bu günkü kommersiya sığortasının nə nəzəri, nə də təcrübi cəhətlərində qeyd olunan məqsədə nail olmaq üçün kifayət qədər əsas tapmaq çətindir. Bu məqsədə uyğun gələn az sayda arqumentlər də sığortaçıların kommersiya maraqlarının və biznes iddialarının fonunda nəzərə çarpmır.
Təkafulla yanaşı ənənəvi sığortaya xas olan və Qərb ölkələrində ən uğurlu sığorta biznesi hesab edilən qarşılıqlı sığorta (və ya əməkdaşlıq sığortası) artıq qeyd edildiyi kimi əksər İslam alimləri tərəfindən, xüsusən də Fətvalar üzrə Daimi Heyətin rəyinə əsasən Şəriət baxımından qanuni hesab edilmişdir, bir şərtlə ki, qarşılıqlı sığortanın investisiya əməliyyatları Şəriətə uyğun qaydada həyata keçirilsin. Müsəlmanların dünya əhalisinin 1/5-dən çox olmasına baxmayaraq, müsəlman ölkələrindəki sığorta əməliyyatlarının həcmi dünya üzrə göstəricinin (4,5 trln. ABŞ dolları) cəmi 1/60 hissəsini təşkil edir. Bunun da əsas səbəbi İslam Şəriətində sığorta əməliyyatlarına fərqli yanaşmanın olmasıdır. Məhz bu amil də təkaful əməliyyatlarının həcminin son illər sürətlə artımını şərtləndirən səbəblərdən biridir. Yəni uzun müddət sığorta əqdlərini “yaxın buraxmayan” müsəlmanların sığortaya alternativ olan təkaful mexanizmində iştirakı məhz bu mexanizmin ehtiva etdiyi əqdlərin Şəriətə uyğunluğuna görədir. Lakin vəziyyətin ciddi surətdə dəyişməsi, yəni müsəlmanların sığorta əməliyyatlarından faydalanmasının rəqəmlərlə ifadə olunan nisbətinin artması üçün İslam Şəriətinə uyğun sığorta mexanizmlərinin mövcudluğu, xüsusən də təkaful barədə maarifləndirmə və maliyyə savadlılığının artırılması üçün xeyli iş görülməlidir.
Müsəlman ölkələrində ənənəvi sığortanın hələ də üstünlük təşkil etməsinə (ümumi sığorta haqlarındakı payı 83 %), habelə ənənəvi sığortaya aid əməkdaşlıq (qarşılıqlı) sığortasının da Şəriət tərəfindən icazəli hesab edilməsinə baxmayaraq (məsələn, Səudiyyə Ərəbistanında qanunvericiliklə müəyyənləşdirilmişdir ki, sığortaçılar yalnız əməkdaşlıq sığortası təcrübəsinə uyğun əməliyyatlar həyata keçirə bilərlər ), təkaful əməliyyatlarındakı artım ənənəvi sığorta ilə müqayisədə xeyli çoxdur. “Sviss Re” Təkrarsığorta şirkətinin ənənəvi illik təhlillərinin nəticəsi olaraq 2011-ci il üçün nəşr etdiyi “Qlobal Sığorta İcmalı”nda qeyd edilir ki, ümumdünya maliyyə böhranına və ənənəvi sığorta sektorundakı azalmalara baxmayaraq, 2007–2010-cu illər arasında təkaful şirkətlərində orta hesabla 30%-ə yaxın artım müşahidə edilmişdir. Əsasən inkişaf etməkdə olan ölkələri əhatə etməsinə baxmayaraq, 2004-cü ildə təkaful üzrə daxilolmaların həcmi 1,4 milyard dollar olduğu halda, 2010-cu ildə bu rəqəm 5 dəfə artaraq 7 milyard , 2011-ci ilin sonunda isə 12 milyard dollara çatmışdır. Tədqiqatçılar belə dinamik inkişafın bir neçə səbəbini göstərirlər ki, bunlardan da yalnız biri sırf müsəlman əqidəsi bağlı amildir; belə ki, təkaful əqdləri İslam maliyyəsi prinsiplərinə uyğun gəldiyi üçün uzun müddət sığorta xidmətlərindən yararlanmaq imkanı olmayan və böyük say potensialına malik sığortalanmamış statusunda olan müsəlman əhalinin cəlb edilməsinə şərait yaratmışdır. Digər səbəblər isə təkafulun sırf biznes və maliyyə institutu kimi üstünlükləri ilə bağlı olmaqla, müsəlmanlarla yanaşı qeyri-müsəlmanların da diqqətini cəlb etməsi ilə əsaslandırılır :

SIĞORTA TERMİNLƏRİ LÜĞƏTİ Arxivləşdirilib 2013-06-05 at the Wayback Machine

KateqoriyaIslam haqqında
AdıTəkaful Haqqında
Oxunub14 dəfə
Yerləşdirildi1 il öncə

Digər Dini Məlumatlar
Gizli istifadəçi: Sevmək imtahndısa allah niyə qismət eləmir sevdiyimizi bizə? *** Admin: Diqqetle baxsaniz gorersiniz azerbaycan dilinde de var. *** Gizli istifadəçi: ərəbcə oxunuşu azerbaycan herifləriylə etsəz daha yaxşı olar. *** Gizli istifadəçi: Salam artıq əskik yazmayın *** Gizli istifadəçi: Bu quran kimin tərcüməsidir? *** Gizli istifadəçi: Salam *** V...: Salam???? *** Gizli istifadəçi: Salam *** Aslan: Allahu əkbər *** Ibo: Salam *** Gizli istifadəçi: Salam *** Gizli istifadəçi: İmam cavad hirzi *** Gizli istifadəçi: Sevgim *** Gizli istifadəçi: Furqan *** Gizli istifadəçi: Salam-alekum *** Gizli istifadəçi: Salam, səhifədən məlumatları kopyalayıb çap etmək olmur? *** ???: Neden sayt boşdur kimse daxil olmur *** Fexaret: Eger icaze varsa elbettde *** Fexaret: Ayetn xanim sizi tanimaq olar? *** Fexaret: Salam *** Çat
Qur'andan ayə
Mal-mülk yığıb saxlayanı da.
əl-Məaric (Məkkə Surəsi) 18-ci Ayə

Kateqoriyalar